“Qanuni oğru” İlqar Çıldırlını qətlə yetirən şəxs həbs olundu

Azərbaycanlı "qanuni oğru" İlqar Çıldırlını öldürməkdə şübhəli bilinən şəxs həbs olunub. APA TV-nin məlumatına görə, Moskva polisi 1982-ci il təvəllüdlü, cinayət aləmində tanınmış kriminal avtoritetlərdən birini öz həyat yoldaşının evində həbs edib. Adı açıqlanmayan həmin şəxsin saxlandığı evdə aparılan axtarış zamanı "Makarov" tipli tapança, 9 mm kalibrli "Taurus" revolveri, ov silahı lüləsi və müxtəlif kalibrlı 8 güllə aşkar edilib.

Saxlanan şəxs “qanuni oğru” İlqar Çıldırlını öldürməkdə təqsirli bilinir.

Qeyd edək ki, İlqar Çıldırlının meyiti fevralın 5-də Petrovsk-Razumovsk keçidinin yanında qaraja çırpılaraq dayanan və qapıları açıq olan xarici avtomobildə tapılıb.

İlkin ehtimala görə, Gürcüstan vətəndaşı İlqar Zahir oğlu Çıldırlının qətlinə səbəb yaxınlarda ona "qanuni oğru" adının verilməsi olub.

 

Müəllif | Apa.Tv