Lənkəranda maskalı şəxslər 60 yaşlı sələmçi qadını güllələyiblər

Ötən gecə Lənkəran şəhərində qətl hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, maskalı şəxslər şəhər sakini, 60 yaşlı Sürəyya Tağı qızı Tağıyevanın yaşadığı Şəhidlər Xiyabanı, 5 ünvanında yerləşən mənzilinə girərək odlu silahdan atəş açmaqla onu baldır nahiyəsindən yaralayıblar. Zərərçəkmiş Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Çoxlu qan itirən Sürəyya Tağıyeva xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Hələlik qanlı hadisənin təfərrüatları barədə hər hansı açıqlanma verilmir.

Yerli sakinlərin sözlərinə görə, mərhum Sürəyya Tağıyeva sələmçiliklə məşğul olub. Qətlin də məhz bu səbəbdən baş verməsi istisna edilmir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv