QAT ATƏT-in Bakı Ofisinin qarşısında aksiya keçirib

Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Bakı Ofisi qarşısında dinc etiraz aksiyası keçirib. ATƏT-in Minsk Qrupunun yaradılmasının 22 illiyi ilə bağlı keçirilən aksiyada "22 illik Minsk Qrupuna “daha bəsdir” deyirik", "Ermənipərəst həmsədrlərə yox deyirik", "Biz həmsədrlərə inanmırıq", "Qarabağa azadlıq" şüarları səsləndirilib. Aksiyada 20-yə yaxın şəxs iştirak edib. Təşkilatın sədri Akif Nağı bildirib ki, əsas tələbləri ATƏT-in Minsk Qrupunun buraxılmasıdır: “22 illik fəaliyyəti ərzində Minsk Qrupu Azərbaycan xalqını aldatmaqla məşğul olub. Heç bir səmərəli fəaliyyət göstərməyib. Minsk Qrupu ermənipərəst mövqe tutub. Hər üç həmsədrin apardığı siyasət status-kvonun saxlanmasına xidmət edir”.


Daha sonra təşkilatın qətnaməsi oxunub. ATƏT-in Bakı Ofisində qeyri-iş günü olduğundan qətnamə qurumun poçt qutusuna atılıb. Sonda aksiya polis tərəfindən dağıdılıb.

Müəllif | Apa.Tv
Apa.tv