Zabratda iki nəfər qisasçılıq zəminində güllələndi - QƏTL

Zabrat qəsəbəsində qətl hadisəsi törədilib. Hadisə 307 saylı orta məktəbin qarşısında baş verib. Qəsəbə sakini Kamil Fərəcov ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevə və onun bibisi oğlu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevə atəş açıb.
 

Atəş nəticəsində Yaqub Musayev ölüb , qohumu Pərvin Mehdiyev isə döş qəfəsindən güllə yarası alaraq Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA TV-yə verilən məlumata görə Pərvin Mehdiyevin səhhəti ağırdır. Sabunçu rayon Polis İdarəsi və Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və qan düşmənçiliyidir. Belə ki, hadisəni törədən Fərəcov qətlə yetirdiyi şəxsin atası Rabil Musayev tərəfindən 2012 -ci ilin yanvarın 6-da bıçaqlanıb. Həmin hadisə zamanı Rabil Musayev Kamil Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını onun gözlərinin qarşısında kəsərək öldürüb. Qardaşının qisasını alacağını dəfələrlə bəyan edən Kamil Fərəcov bu gün səhər 12.00 radələrində Yaqub Musayevi güdərək onu məktəbin həyətində vurub. Yanında qohumu da olduğundan Kamil Fərəcov ona da atəş açıb. Hadisə yerindən qaçan qatil artıq saxlanıb.

Müəllif | Apa.Tv
Apa.tv