Bakının “Şeytan çarxı” - REPORTAJ

Gün ərzində "Şeytan çarxı"ndan 1000-1500 ziyarətçi istifadə edir. Bu barədə APA TV-yə Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, "Şeytan çarxı"ndan istifadə edən vətəndaşların sayı daha çox hava şəraiti ilə əlaqədar olur.


"Karusel martın 12-də istifadəyə verilməsinə baxmayaraq, artıq insanların diqqətini cəlb edib: “Elə gün olur ki, 1000 və ya 1500 adam gəlir. Bəzən isə hava şəraiti qeyri-sabit keçdikdə, bu rəqəm 500-ə düşür. Kabinələrdə isitmə və soyutma sistemi var ki, bu da karuseldən istifadə edənlərə tam komfort yaradır. Hündürlüyü təxminən 65 metr, diametri isə 60 metr olan karuselə 30 ədəd kabinə qoşulub ki, hər bir kabinədə 8 nəfər rahatlıqla əyləşə bilir”.

Hazırda biz 65 metr hündürlükdəyik və buradan Bakının gözəl mənzərəsi görünür. Karusellə qısa səyahət edənlər bir tərəfdə "Kristal Holl"u, digər tərəfdə isə "Alov qüllələri"ni görə biləcəklər. Cəmi beş dəqiqə ərzində Bakının ən möhtəşəm tikililərini və mənzərəsini seyr etmək mümkündür.

"Şeytan çarxı"ndan insanlar günün istənilən saatında istifadə edə bilərlər. Bunun üçün 6 yaşından 12 yaşına kimi olan uşaqlar 3 manat, böyüklər 5 manat, "VİP" kabinələrdə səyahət etmək istəyənlər isə 25 manat ödəməli olacaqlar".

Nazim Məcidovdan onu da öyrəndik ki, "Şeytan çarxı" ilə Bakının panoramını seyr etmək istəyən azyaşlılar üçün bu attraksion pulsuzdur: "Burada daha bir güzəşt nəzərdə tutulub. Belə ki, "VİP" kabinədə səyahət etmək istəyən ailələr 25 manat ödəyə bilərlər. Hansı ki, bu kabinələr 8 nəfərlikdir və ayrılıqda hesablayanda 40 manat edir, lakin güzəştlə 25 manat ödəməklə bu xidmətdən yararlana bilərlər".

Xatırladaq ki, quraşdırılmasına 2013-cü ilin sentyabr ayından başlanan paytaxtın ən hündür attraksionu martın 12-dən etibarən sakinlərin istifadəsinə verilib.
 

Müəllif | Apa.Tv