Azərbaycan prezidenti Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüş keçiriblər.

Bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb. Görüşü müsbət dəyərləndirən Ceyms Uorlik qeyd edib ki, sülhə bir yerdə çalışmaqla nail olmaq mümkündür.

Ceyms Uorlik həmçinin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu qeyd edib: “Hər halda biz münaqişənin hər tərəf üçün sülhlə həllini istəyirik”, - deyə o bildirib.

Amerikalı həmsədrin bu fikrinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev öz Facebook səhifəsində cavab verib. Onun sözlərinə görə, Rusiya və Fransa ilə yanaşı ABŞ-ın da vəzifəsi Azərbaycan və Ermənistan arasında münaqişənin həllinə dair vasitəçilik missiyasını həyata keçirməkdir.

 

"Bu gün rəsmi Bakı ilə rəsmi İrəvan arasında Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır. Ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsinə məcbur edilməsidir. Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır. Münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir”. 

Müəllif | Apa.Tv
Apa.tv