Bakıda "Azsamand"ın sürücüsü qəza törədib qaçdı

Gecə saatlarında Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakıxanov qəsəbəsinin  Sakit  Qocayev küçəsində qeydə alınıb. Anar Cavadovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn və hələlik sürücüsü məlum olmayan "Azsamand" markalı maşınla toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü Anar Cavadov və həmin avtomobildə olan sərnişin Aygün Səfərova ağır bədən xəsarətləri alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. "Azsamand"ın sürücüsü isə qəzadan sonra hadisə yerini tərk edib.

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları yararsız hala düşmüş avtomobilləri cərimə meydançasına  aparıblar. İlkin ehtimallara görə hadisəyə "Azsamand"ın sürücüsünün yol hərəkəti qaydalarını pozması və avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv