Azərbaycan prezidenti III Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir

Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti başlayıb. Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir. Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.

 

III Nüvə Təhlükəsizliyi Sammiti dünya liderlərinin rəsmi salamlanması ilə başlayıb. Niderland Krallığının baş naziri Mark Rütte Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşılayıb.

 

Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi ilə başlayıb.

Zirvə görüşünü açıq elan edən Niderlandın baş naziri Mark Rütte Sammit iştirakçılarını salamlayıb. 2010-cu ildə ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Nüvə təhlükəsizliyinin təmin olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirib.

 

BMT-nin baş katibi Pan Gi Mun Sammitin əhəmiyyətindən danışarkən onun ehtimal olunan nüvə terrorizminin qarşısının alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirib. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşıdığını deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğulayıb.

 

Sonra sammit plenar müzakirələrlə davam etdirilib. Bu çərçivədə "Siyasətin ssenari əsasında müzakirəsi" mövzusunda iclas keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv