Ukraynadan Belarusa nota

ABŞ-ın dövlət katibi Con Kerri Haaqada keçilirlən III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı çoxlu sayda Ukrayna əsgərinin itməsi, Rusiya ordusunun Ukrayna sərhəddinə toplanması və bir sıra məsələlərə diqqət çəkilib. 

 

ABŞ dövlət katibinin sözçüsü Mariya Harf liderlərin görüşünü təsdiqləyib: "Sammit çərçivəsində Con Kerri  Rusiya əsgərlərinin sərhəddə toplanmasından narahatlığını ifadə edib". 
Bu arada rəsmi Kiyev Belarus prezidenti Aleksandr Lukaşenkonun "Krım artıq Rusiyanın torpağıdır" ifadəsindən sonra Belarusiyaya nota verib. Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirlir ki, nota Belarusun Ukraynadakı səfirinə təqdim olunub.  

 

Yeri gəlmişkən, Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi, “Udar” partiyasının üzvü Sergey Kunitsın tutduğu vəzifədən istefa verib.
APA TV-nin "UNİAN" agentliyinə istinadən verdiyi məlumata görə, Kunitsın Krımdakı vəziyyətlə əlaqədar Ukrayna hökumətini tənqid atəşinə tutub. Onun sözlərinə görə, hadisələrə müvafiq reaksiya vermək üçün ölkənin bütün imkanları var.

 

“Hər gün hərbçilərimizi ələ salıb, təhqir edirlər. Biz isə cürbəcür iclaslar qururuq”, - deyə Kunitsın bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukrayna qoşunlarının Krım və Sevastopol ərazisindən çıxarılmasına dair fərman imzalayıb.

 

Bundan əlavə Rusiya Daxili İşlər naziri Vladimir Kolokolçev bilidrib ki, “Berkut”un Krım bölməsi rəhbərlik etdiyi nazirliyə tabe olmaqla öz adı altında fəaliyyət göstərəcək. 
Fevralın 26-da Ukraynanın yeni daxili işlər naziri Arseni Avakov xüsusi əmrlə “Berkut” adını ləğv etmişdi. 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı