Gəncədə silahlı insident: söyüş üstündə həmyerlisini güllələdi - YENİLƏNİB
Gəncədə güllələnmə hadisəsi baş verib. Hadisə martın 25-nə keçən gecə saat 23.00 radələrində 1-ci mikrorayon ərazisində, Fərhad Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Murad Nəbiyev 16 kalibrli ov tüfəngi ilə əvvəlcə havaya, sonra isə şəhər sakini, tanışı 1989-cu il təvəllüdlü Vüqar Qələndərovun ayaqlarına atəş açıb. V.Qələndərov hər iki budun dəlib keçən güllə yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. APA TV-nin xəbərinə görə, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Həkim Mehman Hüseynov deyib ki, xəstə şöbəyə yerləşdirilib . İlk yardım göstərilib. Hazırda həyatına qorxu yoxdur.
Hadisəni törədən Murad Nəbiyev saxlanılıb. O, ilkin ifadəsində Vüqar Qələndərovun onun ailəsinə qarşı nalayiq sözlər işlətdiyinə görə, silaha əl atdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.