Qərbdən Rusiyaya YENİ SANKSİYA
“Böyük yeddilik” (G7) ölkələri Rusiya iqtisadiyyatının hansı sektorlarına sanksiyalar tətbiq edilə biləcəyini müəyyənləşdiriblər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, yeni sanksiyalar enerji, maliyyə və hərbi sahələri əhatə edəcək.
Xatırladaq ki, G7 ölkələrinin dövlət başçıları Haaqa görüşünün yekunları əsasında birgə Bəyannamə qəbul ediblər. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi Bəyannamədə Rusiya vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə daha ciddi sanksiyalarla hədələnir. G7 ölkələri Rusiyanın daxil olduğu G8 formatından da imtina edib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib ki, Rusiyanın “Böyük səkkizlik”də təmsil olunması formatın digər iştirakçıları ilə müqayisədə Moskva üçün daha vacib idi və G8-i digər formatlarla əvəz etmək mümkün olmayacaq: “Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil. Onlar başqa alternativ axtara bilər, lakin iqtisadiyyat artıq staqnasiya mərhələsindədir və Rusiya gərginliyi azaldacaq addımlar atmasa, daha ciddi pis nəticələrlə üzləşəcək”.
M. Harf qeyd edib ki, Rusiya fond bazarı ilin əvvəlindən bəri təxminən 20% azalıb, rublun kursu aşağı düşüb, şirkətlərin kapitallaşması 75 milyard dollar həcmində azalmaya məruz qalıb və bu, Rusiyaya tətbiq olunan sanksiyaların nəticəsidir.