“Saşko Belıy” milislərlə ATIŞMADA ÖLDÜRÜLÜB

Ukraynada “Sağ sektor”un tanınmış nümayəndələrindən olan “Saşko Belıy” ləqəbli Aleksandr Muzıçkonun qətlə yetirilməsinin təfərrüatları bəlli olub. APA TV-nin xəbərinə görə, bu barədə məlumat verən Ukraynanın Daxili İşlər Nazirinin müavini Vladimir Yevdokimov bildirib ki, Aleksandr Muzıçkonu Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları güllələnib. Bəzi cinayət əməllərində təqsirləndirilən və axtarışda olan Aleksandr Muzıçkonun ələ keçirilməsi ilə bağlı Rovno qəsəbəsində xüsusi əməliyyat keçirilib.

 

Polisin "Təslim ol" tələbinə məhəl qoymayan Aleksandr Muzıçkoya qarşı silahdan istifadə edilib. Atışma  baş verib və o, ayağından yaralanıb. Yaralanmasına baxmayaraq, “Saşko Belıy” milislərə atəş açmağı dayandırmayıb. Yerdə huşsuz vəziyyətdə olan Muzıçkoya əraziyə çağırılan həkimlər müdaxilə etsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Vladimir Yevdokimov həmçinin qeyd edib ki, əməliyyat zamanı Aleksandr Muzıçkonun yanında olan daha üç nəfər həbs edilib. Onların üzərindən avtomat və tapança müsadirə olunub. Hazırda həmin şəxslərin digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

 

"Sağ sektor” fəallarından olan Yaroslav Qranitski bildirmişdi ki, Aleksandr Muzıçkonu öldürənlər əynində zirehli jiletin olmadığına əmin olduqdan sonra ürəyinə atəş açıblar.

 

Müəllif | Apa.Tv