Qadınların yaz dəbi - geyimlər, maskalar, saçlar...

Yaz-yay  mövsümündə hansı geyim və rənglər dəbə düşəcək? Modelyer-dizayner Gülnar Rəcəbli bildirib ki, 2014-cü ilin yaz-yay geyimlərində əsasən bir neçə siluet forması dəbdə olacaq. Yaz-yay kolleksiyalarında orta uzunluqda olan romantik paltarlar, uzun və qısa, həcmli ətəklər, yubka-karandaşlar, geniş kəsimli uçuşan ətəklər, bədənəyatımlı koftalar, düz və ya ətəyə doğru daralan şalvarlar, həmçinin ətəyə doğru enlənən şalvarlara üstünlük veriləcək. Bundan əlavə yaz-yay kolleksiyasında təbii dərilərin istifadəsinə də geniş yer veriləcək. O ki, qaldı rənglərə, modelyer Gülnar Rəcəbli bildirib ki, geyimlərdə sarı, narıncı, mavi və yaşıl rənglərə üstünlük veriləcək. Göy rəngin bir çox tonlarından, açıq mavidən tutmuş, dənizin ən dib hissəsinin göy rənginədək istifadə ediləcək. Yaşıl rəngin də bir çox tonları, zeytun yaşılı, təbiətdə gördüyümüz bütün yaşıllıqların çalarları, bundan başqa, qara, təbii rənglər, krem rəngi, süd rəngi aktual olacaq. Sarı rənglər içərisində buğda sarısı rənginə daha çox üstünlük veriləcək. Dəbdə olacaq əlvan rənglər arasında isə daha çox çəhrayı rəngin bir çox tonlarından istifadə ediləcək. Yaz-yay kolleksiyasında  daha çox qeyri-adi və konvert formalarda olan çantalar dəbdə olacaq. Ayaqqabılara gəlincə modelyer daha çox döşü yastı, üz hissəsi yarpaqvarı və daha çox üçbucaq formalı ayaqqabılara üstünlük veriləcək. Geyimə uyğun olaraq iri və xırda həcmli bijuteriyalar, geyim aksessuarları, şərflər dəbdə olacaq. Mövsüm dəyişərkən dəriyə qulluq qaydasını da fəslə görə dəyişdirmək lazımdır. Kosmetoloq-həkim Arzu Ələsgərova  bildirdi ki, iqlim dəyişdikcə dərimizin ehtiyacları da dəyişir. Yaz aylarında dərimizin daha həssas və allergik olduğunu nəzərə alsaq, daha fədakar bir dəri baxımına ehtiyac duyduğumuzu anlaya bilərik.  Daha az yağlı, daha yüngül kremlər seçmək olar. Yaz ayları pillinq üçün uyğun vaxt sayılmır, ehtiyac olarsa bunu evdə də etmək mümkündür. Bunun üçün pambığın üzərinə limon sıxıb şəkər səpmək, sonra bu pambıqla yüngülcə isladılan üzü ovxalamaq lazımdır. Dəri təmizliyi bahar aylarında çox əhəmiyyətlidir və dərini təmizləmək üçün təbii maddələrdən faydalanmaq məsləhətdir. "Ev şəraitində də dəriyə qulluq istənilən effekti verir. Bir çay qaşığı xama, 1 çay qaşığı zeytun yağı, əgər dəri qurudursa 1 yumurtanın sarısı, yox, əgər yağlıdırsa yumurtanın ağı yaxşı qarışdırıldıqdan sonra göz ətrafları xaric dəriyə çəkilir. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Bu maska təbii tərkibli olduğu üçün dəriyə canlılıq verir. Onu kənar amillərdən qoruyur. Üz dərisinin təravətli olması üçün isə dəri mütləq vaxtaşırı masaj olunmalıdır. Bundan sonra isə dəriyə nəmləndirici krem çəkilməlidir". Gözəllik qurban tələb edir deyirlər.  Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa, vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saç ustası Famen Atəşli deyib ki, saç ütüsü, kimyəvi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Belə maskaları özünüz də hazırlaya bilərsiniz. Stilist  bildirib ki, saçlara qulluq zamanı təbii yağların istifadəsinə üstünlük verilməlidir. Bir neçə vitamin tərkibli yağları qarışdırıb, həftədə iki dəfə yumaqla əvvəl saçların dibinə çəkmək lazımdır. 20-30 dəqiqə saxlanıldıqdan sonra isə yuyulmalıdır. Bundan əlavə saçlar dəniz suyunda islandıqdan sonra mütləq maska edilməlidir. Eyni zamanda saçlar günəşin şüalarından qorunmalıdır. Saç boyalarının istifadəsində də diqqətli olmaq vacibdir. Çünki bu boyaların istifadə müddəti 5 aydır. Əgər istifadə müddəti ötübsə istifadə edilməməlidir. Davamlı olaraq və eyni biçimdə saçların arxaya doğru yığılması, saç yığılarkən çox sıxılmış rezin istifadəsi, saça uyğun olmayan saç baxımı məhsullarının istifadəsi kimi faktorlar saçların quruyub cansızlaşmasına səbəb olur. Belə saçlara kömək üçün kifayət qədər dəmir qəbul etmək lazımdır. Quru meyvələr, xüsusilə quru üzüm və quru ərik dəmirlə çox zəngindir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı