Yasamalda etiraza səbəb olan ərazidə tikinti dayandırılıb
Bakının Yasamal rayonunda Mirəli Seyidov küçəsinin sakinləri etiraz aksiyası keçiriblər. Sakinlər ərazidəki ağacların kəsilməsinə etiraz edirlər. Sakinlərdən Tamara Əliyeva APA TV-yə deyib ki, əvvəlcə 20-dən çox ağacı kəsiblər. Sonra texniki avadanlıqlar gətirilib. Kamil Cəlilov isə bildirib ki, ağaclar kəsiləndən sonra sakinlər ETSN-ə müraciət ediblər. Nazirliyin əməkdaşları ilə birlikdə ərazidə ağac əkiblər. Amma həmin ağaclar da kəsilib.
Ərazidəki ağaclar kəsənlər burada tikinti aparmağa hazırlaşırlar. Həmin şirkətin iş icraçısı özünü təqdim etməkdən imtina etsə də, kiçik açıqlama verib: "Biz tikintiyə başlamışdıq, amma sakinlər icazə vermədilər. Biz də tikintini dayandırdıq. Ofis tikirdik. Bütün sənədlərimiz hazırdır. Bakı Şəhər İcra Hakimiyətinin sərəncamı da var".
Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, Mirəli Seyidov küçəsində ağacların kəsilməsi yeni obyektin tikintisi ilə bağlı olub. Tikinti üçün Bakı şəhər İcra Hakimiyyəti sərəncam imzalayıb. Hazırda ərazidə tikinti tam dayandırılıb.