Ucarda benzin maşını 2 "Mercedes"lə toqquşdu: 1 ölü, 5 yaralı

Ucarda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 218-ci km də, rayonun Müsüslü kənd ərazisində qeydə alınıb. Qəzada Bakı şəhər sakini Adil Muradovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili, Tahir Əliyevin idarə etdiyi eyni markalı minik maşını və benzin daşıyan yük maşını toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar, Göyçay, Kürdəmir rayonunun yanğından mühafizə hissəsinin 3 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralılar "Mercedes"in sürücüsü Tahir Əliyev, Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralıların ikisinin vəziyyətinin ağır, digər üçünün vəziyyətinin isə orta ağır olduğunu bildirib.

 

Hadisə yerində ölənin kimliyi də məlum olub. Bu, Ağdam rayon sakini, 1955-ci il təvəllüdlü Cabbarova Həqiqət Şükür qızıdır.

 

Faktla Bağlı Baş dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov