İmişlidə ev yandı
İmişlidə fərdi yaşayış evi yanıb. Qəfil güclənən yanğından ailə üzvləri son anda özlərini xilas edə biliblər. Buna baxmayaraq, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanaraq, külə dönüb.
APA TV-nin xəbərinə görə, dəhşətli yanğın rayonun Pənah Həsənov küçəsi 105 ünvanındakı Famil Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Güclü alov evin dam örtüyündə başlayıb. Ailə üzvləri mətbəxdə nahar edərkən yanğın başlayıb. Qısa müddətdə güclənən alovun əhatə dairəsi daha da genişlənib. Evdəki şəxslər yalnız özlərini yanğından qorumaq üçün bayıra çıxmağa macal tapıblar.
Səs-küyə çıxan qonşular ev əşyalarını xilas etmək istəsələr də, alov buna imkan verməyib. Hadisə zamanı evin dam örtüyü, otaqları içindəki əşyalarla birlikdə, eyni zamanda yanar konstruksiyalar tamamilə yanıb. Ev sahiblərinin sözünə görə, yanğın zamanı evdə olan pul və qızıl-zinət əşyaları da yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırılıb.
Ümumi sahəsi 160 kvadratmetr olan evin 40 kvadratmetri, o cümlədən həyətdəki dam və yardımçı çardaq sahələri alovdan xilas edilib. Eyni zamanda alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının elektirk naqilində yaranan qısaqapanmadan baş verdiyi bildirilir. Fakt bağlı aidiyyati qurumlar tərəfindən araşdırma aparılır.