Orxan Zeynalovun istintaqı başa çatıb
Ötən ilin oktyabr ayında Moskvada şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi ilə bağlı müstəntiqlərin apardığı tədqiqatlar başa çatdırılıb. APA TV-xəbərinə görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Moskvanın hüquq-mühafizə orqanlarından bildirilib ki, Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı açılan cinayət işi ilə bağlı müttəhim və onu müdafiə edən tərəf cinayət işinin materialları ilə tanış olmağa başlayıb.
Qeyd edək ki, məhz Y.Şerbakovun oktyabrın 10-na keçən gecə qətlə yetirilməsindən sonra Rusiya paytaxtının Qərbi Biryulyovo rayonunda kütləvi iğtişaşlar törədilib. Ölkəyə kənardan gələn əmək miqrantlarının ticarət obyektləri dağıdılıb. Bu hadisələr nəticəsində təxminən 400 nəfər saxlanılıb.