Dağıstanda azərbaycanlı terrorçu öldürüldü
Dağıstanın Xasavyurt rayonunun Pervomayski kəndindəki həyata keçirilən xüsusi əməliyyat zamanı “Xasavyurt bandası”nın 5 üzvü öldürülüb. Rusiya Milli Antiterror Komitəsinin yaydığı xəbərə görə, Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar.
APA TV-nin xəbərinə görə, evdə olan dəstə üzvlərinə təslim olmaq əmri verilsə də, silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar. Nəticədə evdə olan 5 silahlı zərərsizləşdirilib, hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, daha bir nəfər isə yaralanıb.
Artıq öldürülən silahlıların şəxsiyyəti də məlumdur. Öldürülənlərin arasında “Xasavyurt bandası”nın başçısı hesab edilən Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayev da var. Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən terror aktının təşkilatçısı olduğu bildirilir.
Xüsusi əməliyyat zamanı mülki əhali arasında xəsarət alan yoxdur. Hadisə yerində çoxlu sayda silah və sursat aşkarlanıb.