Vaşinqtonda torpaq sürüşməsində ölənlərin sayı 24-ə çatıb
ABŞ-ın Vaşinqton ştatındakı torpaq sürüşməsində həlak olanların sayı 24 nəfərə çatıb.
APA TV-nin xəbərinə görə sürüşmə nəticəsində itkin düşmüş 176 nəfərin arasında 10 nəfərin cəsədinin tapılması polislərlə xilasedicilərin axtarışlarını daha da intensivləşdirib. "İtkin düşənlərin onlarla qohumu bizə müraciət edib. Hələlik itkin düşmüş sayılan insanların hamısının dağılmış binaların qalıqları altında olduqlarını düşünmürük. Hazırda siyahını dəqiqləşdiririk. Möcüzələrə inanıram və əminəm ki, faciədə sağ qalanlar var", - Vaşinqton ştatının fövqəladə hallar departamentinin rəhbəri Con Penninqton belə deyib.
Fəqət xilasedicilər faciədə sağ qalmış bir nəfəri də tapmayıblar.
Yerli yanğınsöndürmə xidmətinin rəisi Travis Hots deyib ki, 8 yaralı xəstəxanadadır. Onların arasında 6 aylıq uşaq da var. Uşağın vəziyyəti kritikdir.
ABŞ prezidenti Barak Obamanın göstərişi ilə Vaşinqton ştatındakı sürüşmə zonasında fövqəladə vəziyyət elan olunub.
Vaşinqton ştatındakı Sietl şəhərindən 80 km şimaldakı Snohomiş bölgəsindəki sürüşmə şənbə günü leysan yağışları nəticəsində baş verib.
30 ev dağılıb, 100 il əvvəl salınmış kiçik balıqçı kəndi məhv olub. Evlər və avtomobillər 5 metr hündürlüyündəki gil və palçıq layının altında qalıb.