Rusiya: Ukraynaya qaz satışında endirim tətbiq olunmayacaq

Rusiya Ukraynaya satdığı qazın qiymətində endirim etmək niyyətində deyil. Aprelin 1-dən Ukrayna Rusiyadan satın aldığı qazın hər min kubmetri üçün 500 dollar ödəməli olacaq. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən, Qara dənizdə Rusiya hərbi donanmasının saxlanması müqabilində Moskva Ukraynaya satdığı qazın qiymətinə 100 dollar endirim tətbiq edirdi. Rəsmi Kiyev Xarkov razılaşmasının hələ də qüvvədə olduğunu iddia edir. Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan ölkəsinin Rusiyaya hər min kubmetr qaza görə 387 dollardan artıq məbləğ ödəməyəcəyini bildirib. Onun sözlərinə görə, rəsmi Moskvadan da Xarkov razılaşmasının ləğvi ilə bağlı müraciət olunmayıb. Lakin hüquqşünaslar hesab edir ki, Krımın Rusiyaya birləşdirilməsi ilə Xarkov razılaşması qüvvəsini itirmiş olur. Ona görə də ilin sonuna kimi Ukrayna satın aldığı qaza görə Rusiyaya 1,9 milyard dollar ödəməli olacaq.

 

ABŞ Nümayəndələr Palatasının xarici məsələlər üzrə komitəsi Ukraynaya 1 milyard dollar dəyərində yardımın ayrılması layihəsini qəbul edib. Polşa da Ukraynada kiçik biznesin inkişaf etdirilməsi üçün 100 milyon dollar ayırmaq niyyətindədir. ABŞ Senatının plenar iclasında isə Rusiya ilə müdafiə sahəsindəki bütün əlaqələrinin dayandırılması layihəsi müzakirə olunur. Layihəyə əsasən, ABŞ şirkətlərinə Rusiya ilə birgə silah istehsal etmək, silah satışı həyata keçirmək qadağan olunur.

 

Müəllif | Apa.Tv
Apa.tv