Bakıda 1 ay əvvəl güllələnən polis rəisinin müavini Türkiyəyə aparılıb
Bakıda bir ay əvvəl güllələnən polis rəisinin müavini Türkiyəyə aparılıb. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərovun səhhəti pisləşib. İdarədən APA-ya verilən məlumata görə, rəis müavinin səhhəti pisləşdiyi üçün o, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb. Hazırda onun vəziyyəti ağırdır.
Fevralın 23-də Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib. Güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev orada ölüb.
APA TV-nin xəbərinə görə, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.
Hadisə zamanı güllə yarası alan Akif Nəzirov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.