Paytaxt sakinlərinə xoş xəbər: Bulvarda yeni idman meydançası salınıb
Havaların isinməsilə artıq paytaxt sakinləri idman zallarında idmanla məşğul olmağa "yox" deyəcəklər. Bulvar İdarəsi ərazisində quraşdırılan idman qurğuları vasitəsi ilə adi vətəndaşlar günün istənilən saatında bura gəlməklə açıq havada idmanla məşğul ola biləcəklər.
Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan idman meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə salınıb. Meydançanın eni və uzunluğu 100 metrə yaxındır. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun APA TV-yə dediyinə görə, meydançada idmanla məşğul olmaq istəyən şəxslər ilk öncə həkimlə məsləhətləşəcək, sonra burada quraşdırılan avadanlıqlarda pulsuz idmanla məşğul olacaqlar: "Hazırda idman qurğuları gətirilərək yerə bərkidilib. Hələ ki, ərazidə abadlıq işləri aparılır, qurğulardan istifadə etmə və təhlükəsizlik qaydaları haqqında məlumat lövhələri vurulacaq. Yaxın 15-20 gün ərzində idman meydançası tam istifadəyə veriləcək".
Meydançadakı avadanlıqlardan fiziki qüsurlu insanlar da istifadə edə biləcək. Bunun üçün xüsusi qurğular quraşdırılıb: "İdman meydançasında 15 idman qurğusu yerləşdirilib ki, bu qurğulardan yalnız 12 yaşından yuxarı olan şəxslər istifadə edə biləcəklər. İdman qurğularında idmanın bütün növlərinə aid hərəkətlərdə istifadə etmək mümkün olacaq".
Paytaxt sakinləri və əsasən də, gənclər bulvar ərazisində pulsuz idman meydançasının fəaliyyətə başlamasından məmnundurlar. Hər gün sahil zolağı boyu qaçış həyata keçirən Tofiq Mehdiyev deyir ki, həvəskar idmançıdır. İsti aylarında dəniz sahilində idman etmək fürsətini dəyərləndirəcəyini deyir.
Qeyd edək ki, idman meydançası Bulvarın yeni hissəsində-sakinlərin istifadəsində olan velosiped xəttinin kənarında salınıb.