Türkiyədə məhkəmə “Twitter”ə qoyulmuş qadağanı ləğv etdi
Türkiyədə məhkəmə “Twitter” sosial şəbəkəsinə qoyulmuş qadağaya xitam verilməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə qərar Ankara 15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.
Türkiyədə hökumətin tələbi ilə martın 21-də “Twitter” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
Buna etiraz olaraq, Türkiyə Hüquqşünaslar Birliyi, Ankara Hüquqşünaslar Birliyi, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-dən olan millət vəkili Oqtay Vural Ankara 15-ci İnzibati Məhkəməsinə müraciət etmişdi.
Türkiyə Telekommunikasiya Başkanlığı qanunlara görə məhkəmə qərarını dərhal icra etməlidir.
Bununla belə, Başkanlığın qərardan şikayət vermək hüququ var. Şikayət Bölgə İnzibati Məhkəməsinə verilə bilər. Lakin şikayət etməzdən öncə qərar icra olunmalıdır, başqa sözlə, Telekommunikasiya Başkanlığının “Twitter”-ə girişi əngəlləmək haqqı yoxdur. “Twitter”-ə giriş yalnız Bölgə İnzibati Məhkəməsinin müvafiq qərarından sonra bağlana bilər. Bu müddətdə Telekommunikasiya Başkanlığı “Twitter”-ə girişi açıq saxlamaq məcburiyyətindədir.
APA TV-nin xəbərinə görə, son olaraq, CHP-nin başqan müavini Sezgin Tanrıkulu “Twitter” qadağasının götürülməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.