İki nəfəri güllələyən gənc: "Onu öldürüb, qardaşımın məzarına getdim"
Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxs tutulub. APA TV-nin xəbərinə görə, martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan Kamil Fərəcov ötən gecə Ağsu rayonu ərazisində saxlanılıb.
Kamil Fərəcov əməlini etiraf edib: "Ürəyimdə kin olub ona qarşı, həm də mənim qarşıma çıxıb gülürdü. Bu da mənim xoşuma gəlmirdi ona görə məndə belə bir şey etdim".
Təsrirləndirilən şəxsin sözlərinə görə, Yaqub Musayevi öldürüb, bibisi oğlunu yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb, avtobusla dəniz kənarına gedib. Daha sonra qardaşının qəbrini ziyarət etməyi qərara alıb.
İstintaqla müəyyən edilib ki, Kamil Fərəcov ov tüfəngindən 6 dəfə atəş açıb. Güllələrdən ikisinin boş getdiyi bildirilir. Fərəcov saxlanlan zaman ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb: "Rayona getdim, qardaşımın qəbrini ziyarət etdim, ordan böyük qardaşımla polisə getdik".
Faktla bağlı cinayət işi başlanıb.
K. Fərəcov qətlə yetirdiyi Y. Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R. Musayev K. Fərəcovun qardaşı Rafael Fərəcovun boğazını kəsərək öldürüb. K.Fərəcov da qisas almaq məqsədi ilə R. Musayevin oğlunu qətlə yetirib.