Xəzərdə itkin düşən balıqçılar xilas edildi
Xəzərin Azərbaycan sektorunda itkin düşmüş balıqçılar tapılaraq, sahilə çıxarılıb. APATV Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Siyəzən rayonu ərazisindən 5 nəfər balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla Xəzər dənizinə çıxması və yanacağın bitməsi səbəbindən sahildən təqribən 70 km məsafədə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 1 ədəd helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin aviasiya dəstəsi tərəfindən açıq dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların yeri müəyyənləşdirilib və onlar yanacaqla təmin edilib. Balıqçıların sahilə doğru hərəkəti aviasiya dəstəsi tərəfindən izlənilib.