Krım Tatarları Məclisinin sədri: "Bura bizim torpağımızdır"

Krım tatarları yarımadanın Rusiyaya birləşdirilməsindən sonra gələcəklərindən narahatdırlar. Tatarlar da ayrıca referendum keçirə, Kiyev və Moskva arasında seçim edə bilərlər. Krım Tatarları Məclisinin sədri Rəfat Çubarov bu ehtimalı istisna etməyib və bildirib ki, Krım tatarları müqəddəratlarını özləri təyin etməlidirlər: "Bizim burda sayımız 300 min nəfərdir. Etnik ruslardan və hətta ukraynalılardan sayca azıq. Amma bura bizim torpağımızdır, Krımdan kənarda başqa torpağımız yoxdur. Nə referendumdan, nə də qoşun yeritməzdən əvvəl heç kim bizdən hansı şəraitdə, necə yaşamaq istədiyimizi soruşdu".

Krım tatarları Məclisinin sədri bildirib ki, şənbə günü Məclisin 250 üzvü arasında gələcək addımlarla bağlı məsləhətləşmələr aparılacaq. Hələlik liderlər Krım türklərini Rusiya pasportlarından imtina etməməyə, amma Ukrayna pasportlarını da saxlamağa çağırırlar.

 

Müəllif | Apa.Tv
Apa.tv