Avropa Birliyi: Rusiyanın enerji asılılığından xilas olmağın yolu Azərbaycan qazıdır
Avropa Birliyi Rusiyanın enerji asılılığından xilas olmağın yolunu Azərbaycan qazında görür. APA TV-nin məlumatına görə, Brüsseldə ABŞ-Avropa Birliyi sammitindən sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Avropa Birliyinin enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətini vurğulayıb. O deyib ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropa Birliyi "Cənub Qaz Dəhlizi" vasitəsi ilə həm də Azərbaycandan qaz alacaq.
ABŞ prezidenti Barak Obama isə deyib ki, Avropa Birliyi ABŞ-ın ən yaxın tərəfdaşıdır. Onun fikrincə, Birləşmiş Ştatlar və Avropa Birliyinin əməkdaşlığı dünyanı daha təhlükəsiz, daha ədalətli edir.
Barak Obama Ukraynadakı vəziyyətlə də bağlı bəyanatlar verib. Onun sözlərinə görə, Rusiyanın son zamanlar atdığı addımlar təkcə Ukraynaya qarşı yönəlməyib, bu siyasət həm də Avropa və bütün dünyadakı vəziyyətə təsir edir.
ABŞ prezidentinin fikrincə, Rusiya tək qalıb. Barak Obama xatırladıb ki, "Böyük Yeddilik" ölkələri bu ilin iyununda Brüsseldə Rusiyasız toplaşacaq. Birləşmiş Ştatlar liderinin fikrincə, Rusiya tutduğu yoldan dönməsə, sanksiyalar daha da genişləndirəcək və bu, Rusiya iqtisadiyyatı üçün fəsadlı olacaq.