Lənkəranda dağılmaq üzrə olan tarixi bina təmir olunur

Lənkəran şəhərinin mərkəzində ucalan bu möhtəşəm memarlıq abidəsi Xan evi adı ilə məşhurdur. Uzun müddət rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyət göstərən və uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalan bina nəhayət ki, təmirə dayanıb. 

 

Bina 1913-cü ildə Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa edilib. Binanın tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadları əlvan naxışlarla zəngindir. Əksər inşaat materialları Lənkərana Fransadan və Bakıdan gəmi ilə gətirilib. Buüç mərtəbəli bina şəhərin ilk çoxmərtəbəli binasıdır.

 

Tarixi abidə indiyədək əsaslı şəkildə təmir olunmayıb. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimovun APA Tv-V-yə dediyinə görə, Xan evinin əsaslı təmir-bərpa işləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun planı əsasında həyata keçirilir.

 

Qeyd edək ki, bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanmaqla yanaşı, müasir su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri də qurulacaq.  Onun ətrafındakı ərazidə isə ziyarətçilər üçün park salınacaq. Əsaslı təmir işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv