Azərbaycanlı biznesmenin qatili yaxalanıb

Murmanskda yaşayan azərbaycanlı biznesmen Həbib Kərimovun qətlində şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs Azərbaycanda yaxalanıb. Yerli diaspor nümayəndəsinin mətbuata verdiyi açıqlamaya əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları onu həbs etmək üçün Azərbaycana səfər ediblər. Sifarişli qətlin digər üzvlərinin də məhz bu ölkədə olduğu ehtimal edilir.

 

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin yerli idarəsi bu işlə bağlı hər hansı şəxsin saxlanması barədə məlumatı nə təsdiq, nə də təkzib edib. 

 

Xatırladaq ki, 2 nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən atışma 2013-cü il dekabrın 4-də Murmanskda baş verib. İlkin məlumata görə, qatil və ya qatillərin əsas məqsədi "Karina" ticarət mərkəzinin rəhbəri Həbib Kərimovu öldürmək olub. O, odlu silahdan açılmış atəş nəticəsində ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Yerli İstintaq Komitəsi hadisə ilə bağlı 2 və ya daha artıq şəxsin öldürülməsi maddəsi ilə cinayət işi başlayıb. Bu maddə ilə cinayətkarı maksimum ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.

 

Müəllif | Apa.Tv