Jurnalistika fakültələrinə qəbul qaydaları dəyişdirildi!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il Azərbaycanda “Jurnalistika” ixtisasına qəbul qaydalarında edilən dəyişikliyin nədən ibarət olduğunu açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra qurumun internet səhifəsində (eservices.tqdk.gov.az/erizebak) “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər. Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunub.

 

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova