"Avtoş"lara ağır cəza: 7 sürücü həbs edilib

Şirvan şəhərində avtoxuliqanlıq edən 7 sürücü həbs edilib. APA-TV nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, bayram günlərində Şirvan şəhərində avtoxuliqanlara qarşı reydlər keçirilib.

 

Bir müddət əvvəl şəhərin F.Eynullayev küçəsində avtoxuliqanların təşkil etdiyi “avtoparad”da iştirak edən sürücülər cəzalandırılıb.

 

Şirvan şəhər Polis Şöbəsinin DYP bölməsi əməkdaşlarının şəhərin küçə və prospektlərində keçirdikləri reydlər zamanı 7 nəfər - 1988-ci il təvəllüdlü Vəlibəyov Faiq Rafiq oğlu, 1993-cü il təvəllüdlü Quliyev Elvin Asəf oğlu, 1991-ci il təvəllüdlü Hümbətov Pərviz Rasət oğlu, 1993-cü il təvəllüdlü Kazımov Kamran Mayis oğlu, 1994-cü il təvəllüdlü Mustafayev Bəhruz İlham oğlu, 1991-ci il təvəllüdlü Əliyev Elşən Tahir oğlu və 1993-cü il təvəllüdlü Əsgərov Tural Gülhəsən oğlu avtoxuliqanlıq etdiklərinə, ətrafda olan insanlara təhlükə yaratdıqlarına və sakinləri narahat etdiklərinə görə saxlanılıb. 

 

Avtoxuliqanlar Şirvan şəhər məhkəməsi tərəfindən inzibati məsuliyyətə cəlb edilərək 16-30 gün müddətində azadlıqdan məhrum ediliblər.

 

Reydlər zamanı 18 sərxoş vəziyyətdə olan sürücü, 14 sürücülük hüququ olmayan, 16 manevr qaydalarını pozaraq ötmə əməliyyatını düzgün yerinə yetirməyən, 8 işıqfora məhəl qoymayan, 15 avtomobilin konstruksiyasında dəyişiklik edən sürücü aşkarlanıb. 46 sürücünün kobud qayda pozuntusuna yol verdiyi müəyyən edilib. 37 avtomobil cərimə meydançasına aparılıb. Ümumilikdə reydlər zamanı 146 halda yol hərəkəti qaydasının pozulması qeydə alınıb və protokollar tərtib edilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı