"Krımın Azərbaycanlı İcması"nın sədri: "Krımda qiymətlər kəskin artıb"

"Krımda əsas problem yaşayış səviyyəsinin pisləşməsi və Rusiyanın tərkibinə daxil olduqdan sonra vəziyyətin necə olacağı, iş problemi ilə bağlı qeyri-müəyyənlikdir. Burada yaşayan azərbaycanlıların problemləri də digər millətlərin problemlərindən fərqlənmir".

 

Bu sözləri "Krımın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Rəhim Hümbətov yarımadadakı son vəziyyəti APA TV-yə şərh edərkən deyib.

 

Onun sözlərinə görə, ərazidə bir qədər sabitlik hiss olunur və insanlar artıq qarşıdurmanın kəskin fazasının arxada qaldığını hiss edirlər. O ki qaldı iqtisadi məsələlərə, Rəhim Hümbətov deyib ki, qiymətlər artmaqda davam edir.  Apteklərdə dərmanların qiymətində 70-80 faiz artım müşahidə olunur.

 

Rəhim Hümbətovun sözlərinə görə, Krımda əhali səbirsizliklə yay-kurort mövsümünün gəlməsini gözləyir. Lakin bu sahədə də ciddi problemlərin olacağı proqnozlaşdırılır: "Gələn turistlərin 70-80 faizi Ukrayna vətəndaşıdır. Ekspertlər, Krım Turizm Nazirliyi buraya gələn turistlərin 80 faizinin azalacağı proqnozunu verir. Ən böyük problem budur. Krım iqtisadiyyatı turzmdən asılı olduğu üçün insanların haradan pul qazanacağı məsələsi bütün kəskinliyi ilə qarşıda duracaq".

 

Azərbaycanlı diaspor rəhbəri deyib ki, qarşıda duran digər problemin Ukrayna Ali Radasında müzakirə olunan "İşğal olunmuş torpaqlar barədə" qanun layihəsinin qəbuludur. Onun sözlərinə görə, bu qanun layihəsinin olduğu kimi qəbulu Krım əhalisinə ciddi problemlər törədəcək. 

 

Diaspor rəhbəri onu da deyib ki, Krım tatarları 2 gündən sonra özlərinin qurultaylarını çağıracaqlar, bundan sonra atılacaq addımlarla bağlı qərar verəcəklər.

 

Müəllif | Apa.Tv