Eyni mənzildə bir gündə 2 yanğın: ev sahibinin meyiti tapıldı

Bakının Yasamal rayonda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Şərifzadə 132 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, tüfeyli həyat tərzi sürən Qlavçenko Yuriy Yevqenyeviçin adlı vətəndaşın evində qeydə alınıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Məişət tullantılarından baş verən yanğın tez bir zamanda söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb. Qonşuların sözlərinə görə, mənzilin sahibi Yura 30 ilə yaxındır ki, əlinə keçən hər bir məişət tullantısını öz evinə gətirir. Bu səbəbdən də həmən ünvanda dəfələrlə yanğın hadisəsi baş verib.

 

Bina sakinləri buna görə dəfələrlə aidiyyatı üzrə qurumlara şikayət ediblər. FHN-nin məlumatına bildirilib ki, bu, bir gün ərzində mənzildə baş verən ikinci yanğın hadisəsidir. Səhər saatlarda baş verən yanğında 1956-cı il təvəllüdlü ev sahibinin meyiti aşkar olunub.

 

Ümumilikdə isə hadisə nəticəsində ikiotaqlı mənzildə 50 kv.m sahədə məişət tullantıları yanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv