BMT Krımda keçirilən referendumu qanunsuz saydı

BMT Baş Assambleyasının səs çoxluğu ilə qəbul etdiyi qətnaməyə əsasən, Krımda keçirilmiş referendum qanunsuz hesab olunub. Qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə lehinə, Ermənistan da daxil olmaqla 11 ölkə isə əleyhinə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə bitərəf qalıb.

 

Qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz. 

 

BMT Baş Assambleyası bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusiləşdirilmiş qurumları Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamağa çağırıb və istənilən status dəyişikliyinin tanınması kimi qələmə veriləcək hər-hansı  addımlardan çəkinməyə çağırıb. 

 

Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv