İnsan alverinin qurbanı olanlar ən çox Türkiyə və BƏƏ-yə aparılır

Ötən il ölkədə  80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə məlumat  “İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında” sənəddə yer alıb. Sənəddə qeyd olunur ki, insan alveri cinayətində təqsirləndirilən və axtarışa elan olunan 17 şəxsdən 5-i tutularaq, istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müəyyən olunan 56 qurbandan 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılıb, 5 qurban isə ölkə daxilində istismara məruz qalıb.

 

Sənədə əsasən, sığınacağa yerləşdirilən 37-i qurbandan 22-si işlə təmin edilib. 50 qurbana birdəfəlik müavinət verilib, 13-nə Kömək Fondu maddi yardım ayırıb. 12 Qurban ailəsinə qaytarılıb, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində yaşamaq hüququ təmin edilib.

 

Eyni zamanda "Qaynar Xətt " telefon xidmətinə 14 minə yaxın müraciət daxil edilib. Ötən il insan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib.

 

Müəllif | Apa.Tv