Bakıda mənzilə silahlı basqın: maskalılar ev sahibini yaraladılar

Paytaxtın Suraxanı rayonu ərazisində quldurluq hadisəsi baş verib. Yeni Günəşli qəsəbəsi D Yaşayış Massivi, ev 6 mənzil 103 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Abbasov Tural Fəxrəddin oğlu evinə edilən basqınla bağlı polisə müraciət edib. Şikayətçi bildirib ki, evdə olarkən qapı döyülüb və 2 maskalı şəxs aldatma yolu ilə mənzilə soxulub. Bıçaq və tapança ilə silahlanmış həmin şəxslərdən biri ev sahibinin boyun nahiyəsinə zərbə endirib. Daha sonra isə onlar evdə axtarış aparıblar. Mənzili alt-üst edən şəxslər heç bir şey götürmədən hadisə yerini tərk edib. Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Seymur Məmmədovun APA TV- yə verdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi açılıb. Hazırda Tural Abbasovun evinə soxulan 3 nəfər maskalı şəxsin axtarışı davam etdirilir. Hadisənin baş verdiyi mənzilə baxış keçirilib. Orada xəsarət alan ev sahibi Tural Abbasovun qan izlərindən əlavə hər hansı bir maddi sübut aşkar edilməyib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv