Beş dəfə həbsdə olmuş gəncdən 250 min manatlıq narkotik götürülüb

Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 31 yaşlı Rufiz Rüstəmov şübhəli şəxs qismində saxlanılıb. Saxlanarkən polis əməkdaşlarına müqavimət göstərib qaçmağa cəhd etsə də, əməliyyatçılar onu yaxalayıblar. APA TV-nin xəbərinə görə, saxlanılan şəxsin üstündən bir neçə bağlamada xüsusi olaraq, qablaşdırılmış, ümumi çəkisi 2 kq 505 qr olan heroin aşkarlanaraq götürülüb.

 

Saxlanılan Rufiz Rüstəmov ömrünün 13 ilini həbsdə keçirdiyini deyib.

 

Əvvəllər də silsilə oğurluq və digər cinayətlər törətdiyi üçün 5 dəfə məhkum edilmiş R.Rüstəmov ifadəsində bildirib ki, azadlığa çıxdıqdan sonra xeyli müddət narkotik vasitələrin satışı ilə məşğul olub. Sonuncu dəfə isə Masallı rayonundan əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini əvvəlcədən tapdığı müştəriyə satmaq üçün metronun Xətai stansiyası yaxınlığına gəlib. Lakin polis əməkdaşları onu ələ keçirdiyindən, istəyinə nail ola bilməyib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır. Əməliyyatla qanunsuz dövriyyədən çıxarılan heroinin qara bazarda qiyməti 250 min manatdan çoxdur.

 

Müəllif | Apa.Tv