Ermənilər Tovuzun Əlibəyli kəndini gülləbaran ediblər

Martın 27-də saat 22:00 radələrindən başlayaraq, erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini iri çaplı silahlardan atəşə tutublar. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, kənd sakinləri bildirib ki, beş saatdan çox davam edən atışma şiddətli olduğundan onlar zirzəmilərdə sığınmalı olublar.

 

Atışma nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elman Tağıyev sağ ayağının bud nahiyəsindən yaralanaraq, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Pilləkənin üstünə çıxanda gördüm ki, güllələr divarı deşib. Geri qayıdan zaman güllə ayağıma dəydi. Uşaq qorxmasın deyə, qonşulara xəbər verdim ki, məni xəstəxanaya aparsınlar"

 

Xəstəxanadan bildirilib ki, güllə Elman Tağıyevin budunu dəlib keçib. Həkim Kəmaləddin Abbasov  bildirib ki, sağ budun üçdə birinin dəlib keçən güllə yarası ilə xəsarət alıb. Hal-hazırda xəstənin vəziyyəti kafidir. Yaxın günlərdə evə buraxılacaq.

 

Kəndin icra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, ötən gecə baş vermiş atışma zamanı kənddə olan 100-ə yaxın evin dam örtüyü yararsız hala düşüb. Bundan başqa kənddə olan bir neçə avtomobilə də ziyan dəyib.

 

Son 2 ildə Əlibəyli kəndində 10-a yaxın mülkü şəxs ermənilərin acdıqları atəş nəticəsində yaralanıb.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov