Apreldə 30 dərəcə isti olacaq
Aprel ayında Azərbaycan ərazisində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək, ayrı-ayrı yerlərdə isə iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən, iqlim normasından az, bəzi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun gündüz 11-14 dərəcə, gecələr 7-12, gündüzlər ayın birinci yarısında 14-19, ikinci yarısında 20-25, bəzi günlərdə 30 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacaq.
Bölgələrdə də iqlim şəraitinə uyğun olaraq hava şəraitinin mülayim, aylıq yağıntı normasına yaxın olacağı gözlənilir. Yuxarı Qarabağın bəzi yerlərində havanın temperaturu ayrı-ayrı günlərdə 0 dərəcəyə yaxın olacaq. Yalnız Mərkəzi-Aran rayonlarında orta aylıq temperaturun bir qədər yüksək olacağı ehtimal olunur. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə, gecələr 6-11, ayın birinci yarısında 17-22, ikinci yarısında 23-28, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacaq.