Geni dəyişdirilmiş məhsullar: özəllikləri, insan orqanizminə ziyanları

“Bu məhsullar asanlıqla seçilir. Məsələn, almanın, heyvanın, üzərində heç bir çopur, qurd yeri yoxdursa bu böyük ehtimalla  geni dəyişdirilmiş məhsuldur”.

“Bu məhsulları zahiri görünüşünə, dad xüsusiyyətinə, uzun müddət xarab olmamasına görə biz artıq vizual, zahirən seçə bilirik”.

 

Bu sözləri APA TV-yə həkim Adil Qeybulla və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev deyib. Söhbət geni dəyişdirilmiş məhsullardan gedir. Artıq 20 ildən çoxdur ki, bütün dünyada milyonlarla istehlakçının istifadə etdiyi istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullarla bağlı müzakirələr ölkəmizdə yenidən gündəmə gəlib. Martın 28-də Azərbaycan Nazirlər Kabinetində Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı yeni qərar qəbul edilib. Baş nazir Artur Rasizadə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərara dəyişikliklər edilməsi haqqında qərar verib. Edilən dəyişikliklər ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır. Bundan sonra respublikaya idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstəriləcək. Həmçinin, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar əks olunacaq. Ekspertlər hesab edir ki, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev deyir ki, nazirlik tərəfindən toxumların aşkara çıxarılması ilə bağlı monitorinqlər nəticəsində bu qəbildən olan toxumların əkilmədiyi məlum olub. Amma mütəxəssis onu da bildirib ki, Azərbaycan bazarları, mağazaları, geniş çeşiddə geni modifikasiya olunmuş məhsulların əsirinə çevrilib və belə məhsullara iri ticarət mərkəzlərində, bazarlarda rast gəlinir.

Alimlərin araşdırmasına görə, kartoflara soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartoflara onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidorlara və çiyələklərə isə soyuğa və şaxtaya davamlı olması üçün balıq geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Həkimlər hesab edir ki, bu məhsullar xüsusən də uşaqlarda mədə-bağırsaq xəstəlikləri, böyüklərdə isə  immun sisteminin zəifləməsinə gətirib çıxarır. Həkim Adil Qeybulla bildirib ki, bəzi mütəxəssislər bu məhsulların orqanizmin genininə də təsir etdiyini düşünürlər. Yeni xassə alınmış məhsulun bədəndə özünü necə aparması ilə bağlı xeyli suallar ortaya çıxarır. Hazırda Azərbaycanda GMO məhsullarını üzə çıxaran laboratoriya da var. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yeni istifadəyə verilən laboratoriyadır. Sözügedən laboratoriyada soyanın üyüdülərək, analiz edilməsi prosesini izlədik.

Mütəxəssis Ayaz Məmmədov bildirib ki, bu sınaq dünyada becərilən soya bitkilərində, qarğıdalı, düyü, pomidor-xiyarda, almada analiz edilib. Onların tərkibində GMO yoxdur. Komitənin təcrübə sınaq mərkəzi və yeyinti və kənd təsərrüfatı laboratoriyasının müdiri Türkan Abbasova deyir ki, bundan sonra laboratoriyada mütamadi olaraq sınaq aparılacaq. “Bu laboratoriyanın hər bir müştəri üçün qapısı açıqdır. İstər kimyəvi, istər GMO ilə bağlı məhsulları sınaqdan keçirmək mümkündür”.  

Sadə vətəndaş üçün nə qədər anlaşılmaz olsa da, GMO bizi gözləyən təhlükəli faktdır. Bir sözlə biz bazarlardan, mağazalardan alıb yediyimiz məhsullarının tərkibindən xəbərsizik. Mütəxəssislər hesab edir ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə işləri davam etdirilməlidir. 

Müəllif | Apa.Tv