"Daewoo Espero" "Toyota Prado"ya çırpıldı

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Daewoo Espero" markakıl minik maşını Xətai prospekti ilə Qədirbəyov küçəsinin kəsişməsində yol kənarında dayanan "Toyota Prado" markalı avtomobilə çırpılıb.

 

Taksi fəaliyyəti ilə məşğul olan "Daewoo Espero"nun sürücüsü Vahid Talıbov bildirib ki, o, Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olarkən iki şəxs sərnişin kimi onu saxlayıb. Həmiş şəxslərdən biri ön, digəri isə arxa oturacaqda əyləşib. Qədirbəyov küçəsi ilə Xətai prospektinin kəsişməsində ön oturacaqdakı şəxs Nəqliyyat Departamentinin əməkdaşı olduğunu bildirib və sürücüdən avtomobili saxlamağı tələb edib:

 

"Bu vaxt sağdan maşın keçirdi. Arxadakı tutdu qolumdan ki, açara əlim çatmasın. Qabaqda oturan isə mühərriki söndürdü. Sükan kilidləndi. O maşını kim saxlaya bilərdi?"

 

İdarəetmədən çıxan avtomobil yolun sağ kənarında dayanan "Toyota Prado"ya çırpılıb. Sürücünün dediyinə görə, qəzadan sonra hadisə yerinə Nəqliyyat Departamentinə məxsus 10 PL 784 dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb və hər iki nəqliyyat müfəttişi həmin avtomobillə ərazidən uzaqlaşıblar.

 

Faktı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

 

Müəllif | Apa.Tv