Türkiyədə məşhur jurnalist həbs olunub
Türkiyənin Xarici İşlər Nazirliyində keçirilən təhlükəsizlik yığıncağının qanunsuz şəkildə dinlənilməsindən xəbərdar olduğu şübhəsi ilə Öndər Aytac tutulub. Keçmiş təhlükəsizlik xidməti əməkdaşı olmuş Öndər Aytac bu il martın 26-da "Samanyolu" telekanalında canlı yayın proqramında Türkiyənin Suriyaya hərbi əməliyyat planlaşdırdığını iddia etmişdi. O qeyd etmişdi ki, Türkiyə Suriya ərazisində olan və Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə qarşı hədələrdən Suriyaya hərbi müdaxilə üçün səbəb kimi istifadə edəcək. Bunun üçün bütün taktiki gedişlər artıq hazırdır və seçki öncəsi atılan bu addım iqtidarın son zamanlar ciddi zərbə dəyən nüfuzuna müsbət divident gətirəcək.
APA TV-nin xəbərinə görə, bu çıxışdan bir qədər sonra internetdə gizli səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi Yaşar Gülər gizli toplantıda Suriyaya hərbi müdaxilə üçün səbəb tapılması məsələsini müzakirə edirlər. Hakan Fidan hərbi müdaxiləyə əsas yaratmaq məqsədilə lazım olsa, Suriyaya adamlar göndərib Türkiyə ərazisinə raket atdıra biləcəyini, eyni zamanda Suriyadakı Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə hücum təşkil edə biləcəyini deyir.
Barəsində həbs qətimkan tədbiri seçilən başqa bir qəzetçi Əmrə Uslu Brüsseldə olduğu üçün tutulmayıb. O, bir həftə öncə Brüsselə gedib. Sosial şəbəkələrdə "həbsdən qaçdı" iddialarına "seçkilərdən sonra qayıdacağam" cavabını vermişdi.
Bundan əlavə Türkiyənin Xarici İşlər Nazirliyində təhlükəsizlik yığıncağının keçirilən otaqda dinləmə cihazı aşkar edilməyib. Türkiyə mətbuatında yer alan xəbərə görə, ehtimal ki, iclasda iştirak edənlərin səsi kənardan xüsusi vasitələrlə təchiz edilən aparatlar vasitəsilə dinlənilib.
Bu arada, baş nazir Rəcəb Tayyib Ərdoğona yaxınlığı ilə tanınan məşhur jurnalist Fatih Altaylı "Habertürk" qəzetinin baş redaktorluğundan istrfa verib.