Rəbiyyət Aslanova: "Azərbaycanlı gənclər daha Suriyaya getmirlər"
"Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər daha əvvəl bu ölkəyə gedənlərdir".
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. Millət vəkili hesab edir ki, Azərbaycan gənclərinin Suriyaya getməsi prosesi artıq dayanıb: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb. Gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər. Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib. Gənclərimiz qanunlarımızın əsas müddəalarını bilməlidirlər".
Suriyaya gedən gənclərin geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlarını deyən millət vəkili bildirib ki, Azərbaycan gənclərinin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir.