31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi
"Azərbaycanlılara qarşı törədilən soyqırımlarda məqsəd tarixi Azərbaycan ərazilərində erməni vilayətləri yaratmaq olub".
APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Humanitar məsələlər komissiyasının sədri Yusif Hümbətov partiyanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirdiyi dəyirmi masada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsindən sonra bu soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlanıb. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün ölkəmizin əlində çox ciddi əsasa çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, Türkmənçay müqaviləsində İran və Osmanlı imperiyasındakı ermənilərin Qarabağ və İrəvana köçürülməsi barədə şərt yer alıb. O qeyd edib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı 1918-ci ildə Stepan Şaumyan və Azərbaycanın tarixi ərazilərində yaradılmasına icazə verilmiş Ermənistan Respublikası törədib.
Qeyd edək ki, tədbirdə Azərbaycana qarşı törədilən bu soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyi vurğulanıb.