Saatların dəyişməsi: qazandıqlarımız yoxsa itirdiklərimiz çoxdur?

Gecə saat 04: 00-da....

 

1981-ci ildən başlayaraq, saatların əqrəbi hər il dünyanın 110 ölkəsində irəli çəkilir. Ölkəmizdə isə bu, 1997-ci ildən tətbiq edilir. Hər il mart ayının son bazar günü əqrəblər bir saat qabağa çəkilməklə qış vaxtı ləğv olunur və yay vaxtına keçilir. Bu gecə  saatlarınızı irəli çəkmək vaxtıdır.

 

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Hər il oktyabrın son bazar günündə isə Azərbaycan ərazisində qış vaxtına keçilir. İldə iki dəfə dəyişdirilən vaxt insanları üçün də təsirsiz ötüşmür.

 

Həkim Adil Qeybulla deyir ki, vaxt dəyişikliyi insan orqanizminə neqativ təsir göstərir. Bu da ən çox xəstə adamlara hiss olunur. Dəyişiklik yuxusuzluq yaradır, davranışlarda gərginlik özünü büruzə verir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir: "Xəstə adamların iqlim, zaman dəyişikliyinə öyrəşməsi problemli olur. Mən hesab edirəm ki, qonşu Rusiyada ləğv etdi, biz də də buna lüzum yoxdur. Biz onsuzda informasiya əsrində yaşayırıq, telefonlar, kompüterlər, şüalı predmetlər insanda qıcıq yaradır. Bu fonda əlavə problemin olması əlavə bir qıcıq mənbəyinin olması lüzumsuzdur".

 

İqtisadi ekspertlərin fikrincə, yay vaxtına keçid elektrik enerjisinə və qaza qənaət imkanı verir. Ekspert Məhəmməd Talıblı APA TV-yə deyib ki, Azərbaycan üzrə hesablamama aparsaq, ortalama 2-3 faiz elektrik enerjisinə qənaət etmiş olur. Manatla ekvalentini götürdükdə 10 milyon civarında dəyişən rəqəmdir: "Amma mən şəxsən düşünürəm ki, bunun həm bioloji, fizioliji təsirləri hansısa iqtisadi faydasından qat-qat zərərlidir".

 

Avropa ölkələri və Amerikanın bəzi ştatları bu üsuldan faydalanır. Ancaq qonşu ölkələrdən Rusiya, İran, Gürcüstan, həmçinin, Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və sair ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

 

Müəllif | Apa.Tv