Kliçko prezidentliyə namizəd olmayacaq
Kiyevdə UDAR Partiyasının 11-ci qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın lideri Vitali Kliçko prezident seçkilərində namizəd olmayacağını bəyan edib. O, seçkidə tanınmış iş adamı və ictimai-siyasi xadim Pyotr Poroşenkonu dəstəkləyəcəyini açıqlayıb.
APA TV-nin xəbərinə görə, Kliçko hər zaman demokratik qüvvələr tərəfindən prezidentliyə vahid namizəd irəli sürülməsinə tərəfdar olduğunu xatırladaraq hazırda ölkənin müharibə vəziyyətində olduğu bir dövrdə bu məsələnin daha da aktuallaşdığını vurğulayıb. O qeyd edib ki, siyasi populizm dövrü keçib, məsuliyyətli qərarlar dövrü yetişib. Prezidentliyə namizəd vətəndaşların maksimum dəstəyini almalı və qələbəyə maksimal şansı olmalıdır. Bu gün belə namizəd Pyotr Poroşenkodur. Vitali Kliçko Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını Kiyevi Avropa tipli paytaxta çevirəcəyini bildirib.
Ölkədə keçirilən son sosioloji sorğularda Pyotr Poroşenkonun ən yüksək reytinqə malik olduğu ortaya çıxıb. 1965-ci il təvəllüdlü Pyotr Poroşenko həm məşhur oliqarx, həm də müxtəlif dövlət vəzifələrində çalışmış təcrübəli siyasətçidir. O, Viktor Yuşşenkonun prezidentliyi dövründə Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi, Milli Bankın sədri, xarici işlər naziri vəzifələrində, Viktor Yanukoviçin hakimiyyəti dövründə isə qısa müddət ticarət və iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.
Eyni zamanda “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko da prezidentliyə namizəd olacağını açıqlayıb. Ukraynada prezident seçkiləri ilə mer seçkiləri eyni anda keçiriləcək.