"Mercedes" icra başçısının evinin hasarına çırpıldı, 2 gənc ağır vəziyyətdədir

Göygöldə iki gəncin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
APA TV-nin əldə etdiyi xəbərə görə, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli