"Mercedes"lə "Opel" toqquşdu, ağır xəsarət alan var

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan Cəbrayılov Heydərin idarə etdiyi  "90 EA 777" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə İntiqam Orucovun idarə etdiyi "90 MJ 205" dövlət nömrə nişanlı "Opel " markalı avtomobil toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü ağır xəsarət alıb. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına aparılıb. Dövlət Yol Polisinin Nizami rayon Şöbəsinin hadisə yerində olan əməkdaşlarının APA TV-yə verdikləri məlumata görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Mercedes" markalı avtomobilin sürücüsü səbəb olub.  Belə ki, "Koroğlu" metro stansiyasından şəhər istiqamətdə hərəkətdə olan "Mercedes"in sürücüsü qəfil hərəkət zolağını dəyişib və "Opel" markalı avtomobili sıxışdırıb. Nəticədə "Opel" işıq dirəyinə çırpılaraq aşıb.

Hadisə şahidlərindən alınan ilkin ifadə əsasında məlum olub ki, "Mercedes"in sürücüsü sürət həddini aşaraq, tez-tez hərəkət zolağını dəyişirmiş. Qeyd edək ki, qəza nəticəsində Heydər Əliyev prospektində

tıxac meydana gəlib.  Dövlət Yol Polisinin Nizami rayon Şöbəsinin əməkdaşları hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb.

Faktla bağlı yol polisinin Nizami rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv