Kliçko prezidentliyə namizədlikdən imtina etdi

Ukraynanın müxalifətdəki "UDAR" partiyasının lideri Vitali Kliçko mayın 25-də keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib. APA TV-nin məlumatına görə, o, jurnalistlər qarşısında verdiyi açıqlamada Şərqi Avropanın ən böyük şokolad fabrikinin rəhbəri Petro Poroşenko lehinə seçkilərdən çəkildiyini açıqlayıb. Kliçko bildirib ki, o siyasi karyerasının yüksəlişini hələlik Kievin bələdiyyə sədrliyi vəzifəsində görür. 

Ölkənin ən zənginlərindən olan 48 yaşlı  Poroşenko bundan əvvəlki hökumətin Xarici İşlər və Ticarət Nazirliyində çalışıb.

Şərqi Avropanın ən böyük şirniyyat fabriklərindən birinə sahib olan Poroşenko, "Şokolad Kralı" ləqəbi ilə tanınır.

Qeyd edək ki, Kievdə bələdiyyə seçkiləri də mayın 25-də keçiriləcək.

Müəllif | Apa.Tv