Qarşıdakı üç gündə havalar necə keçəcək?


Ötən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti  kəskin soyuyub, dağlıq və dağətəyi rayonlarda  sulu qar və qar yağıb, güclü külək müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə bildirib ki, bəzi yerlərdə yağıntı intensiv olub. Qar örtüyünün hündürlüyü ən çox Böyük Qafqazın ərazisində - Xınalıqda 22 sm, Ləzədə 15-sm, Sarıbaşda 14 sm, Daşkəsən, Gədəbəy bölgələrində 1, 3, 6 sm  təşkil edib.

Gəncədə  küləyin sürəti saniyədə 40 metrə çatıb.

Asif Verdiyev ölkə ərazində güclü küləyin də müşayiət olunduğunu deyib. Küləyin sürəti saniyədəTərtərdə 36 metr, Zərdabda 34, Naftalan və Yardımlıda 33 metrə çatıb. Digər ərazilərdə də güclü külək əsib. Bakıda və Abşeron yarmadasında küləyin maksimal sürəti 35 mt çatıb. Bu gün Bakıda və Abşeron yarmadasında  güclü şimal-qərb küləyinin aşxama doğru mülayimləşəcəyi və havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.

Havanın temperaturunun gündüz saatlarında 2-5 dərəcə, axşama doğru isə 1 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Mart ayının 31-də  havanın Bakıda və Abşeron yarmadasında günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı və şimal-qərb küləyinin əsəcəyi, gündüzdən etibarən cənub qərb küləyi ilə müşayiət olunacağı gözlənilir. Aprelin 1-də Bakı və Abşeron yarmadasında hava şəraiti dəyişkən buludulu və əsasən yağmursuz keçəcək. Cənub küləyi üstünlük təşkil edəcək və havanın temperaturunun ayın 31-də gündüz 5-9 dərəcə isti, aprelin 1-də 8-13 dərəcə, 2-də isə 10-15 dərəcə isti olacağı, bəzi yerlərdə isə 18-dərəcəyədək yüksələcəyi gözlənilir.

Asif Verdiyev qeyd edib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayın 31-dən gündüzdən etibarən yağıntılar tədricən kəsiləcək. Ayın 1-i və 2-də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Rayonlarda aprelin 1-i və  2-də temperaturun  yüksələrək  aran rayonlarında bəzi yerlərdə 20-23 dərəcə isti olacağı, dağlıq rayonlarda isə 10-15 dərəcəyədək yüksələcəyi gözlənilir.  

Müəllif | Apa.Tv
Almaz Qasımova